WE THE INTERWOVEN

Table of Contents

 


AY UŞAĞI

SADAGAT ALIYEVA

 
 
 l

BIR ZAMAN DÜNYA UCA, o balacaydı. Ətrafında çoxlu-çoxlu adamlar vardı. 

Milyonlarla ayaqlar elədən beləyə, belədən eləyə gedərdi, amma bir cüt ayaq tapılmazdı ki onunla gəzməyə çıxsın. Milyonlarla əllər gecə-gündüz cürbəcür işlərə məşğul idi, amma bir cüt əl tapılmazdı ki onun saçına sığal çəksin. Milyonlarla gözlər milyon cür maraqlı şeylərə baxardı, amma bir cüt göz tapılmazdı ki onu da görsün. Milyonlarla ağızlar dayanmadan mühüm şeylərdən danışardı, amma bir dil tapılmazdı ki onu şirin bir sözlə dindirsin. 

Beləliklə o tənhaydı. Bəzən bundan xoşlansa da çox zaman istərdi ki onun da kimsəsi olsun. 

Gecələr hamı yuxuda ikən, o yerində oturub Aya baxardı. Bəzən öz-özünə fikirləşərdi ki Ay da onun kimi tənhadır. 

Belə gecelərin birində, Ayı seyr edərkən, yumşaq və zərif bir səs eşitdi. Ay onu çağırırdı. Ayın səsi axar su kimiydi, ana laylası kimi. . . O hələ heç zaman belə bir səs eşitməmişdi. Sonra Ay qızılı şüalarını aşağı endirməyə başladı. Ana qolları kimi möhkəm və nəvazişli görünən şüalar onu dırmaşmağa, birbaşa Ayın yanına qalxmağa təhrik edirdi. O Ayın ki onun adını bilirdi. 

“Gəl yanıma,” Ay nəvazişlə səsləndi. Bir anlığa onun canını qorxu bürüdü. Həyatında hələ heç zaman belə bir şey baş verməmişdi, Çoxdandı kimsə onu qucağına belə almamışdı. Amma Ayın simasında ovundurucu və eyni zamanda cəsarətləndirici bir şey vardı ki onu irəli addimlamağa sövq etdirdi. Balaca ayağını çəkinə-çəkinə parlaq və zərif ay şüaları üzərinə qoydu və ehtiyatla dırmaşmağa başladı. 

Yuxarı, yuxarı, yuxarı. . . Qalxdıqca qalxdı. . . Ay da ona baxıb gülümsəyirdi. Ayın böyük ve ilıq təbəssümü  ana südü kimi, təndirdə bişirilən çörək təki qoxuyurdu. “Qorxma,” Ay pıçıldadı, “mən səni tutmuşam. Heç vaxt sənə yıxılmağa imkan vermərəm. Qalxmağa davam et.” 

Hələ ulduzlar . . . Ayın ətrafında pıqqıldaşıb ona əl eleyən ulduzlar. “Eyyyyy, balacaaaa. . .” ulduzların səsi musiqi kimi göyə yayılırdı. “Sənin gözlərin ulduz kimidir,“ ulduzlar yene pıqqıldadılar “bizim kimi. Həm də bizim kimi sən də uça bilirsən əlavə etdilər.” “Hə, hə, ulduzlar düz deyir,”Ay əlavə elədi, “uç, sən uça bilərsən.” 

O cəhd elədi, və özü də təəccübləndi. Uçmağa başlamışdı.  

Uçduqca uçdu… Uluzlaırın ətrafında dövrə vurdu. Hara gedirdisə, Ayın şüalrını ətrafında duyurdu və şüalar ona daha da yüksəklərə qalxmağa yardım edirdilər… 

O gündən hər gecə Aya qonaq oldu. Ay onu əlləri üstündə bütün səma boyu gəzdirirdi, yumşaq buludların üstündə tullanır, ulduzlarla qaçdı tutdu oynayırdı. Ay ona öz ipək səsi ilə məzəli nağıllar danışır, o da güldükcə gülürdü. Bəzən Ay şüaları onun ayaqlarını qıdıqlayardı. O da ulduzlar kimi pıqqıldayar və bu zaman öz səsini eşidərdi,  yumşaq, balaca, cingiltili səsini. Təəccüblənərdi ki, əvvəllər heç zaman öz səsini eşitməyib, orada, aşağıda. . . Yorulanda nəvazişli Ay şüaları onu geriyə, öz otağına gətirər, yüngülcə yırğalayıb yatırardı. 

Bir gecə, yenə Aya qonaq idi. Bu dəfə ətraf qara buludlarla tutulmuşdu. Həm də ulduzlar ona yay aylarında üzdüyü dənizin dibindəki meduzaları xatiırladirdı. Dənizi cox sevərdi, üzməkdən, boyük dalğaların üzərindən atılmaqdan çox xoşlanardı.  İndi bu tutqun buludların yumşaq gərdişi ona eynilə dərin və qaranlıq dənizin ağır-ağır tərpənişini xatırladırdı.  

Ürəyindən üzmək, meduzaları qovub tutmaq keçdi. “Nəyi gözləyirsən, baş vur,” Ay pıçıldadı. Üzünü çevirib təəccüblə Aya baxdı, “Mənim nə fikirləşdiyimi sən nədən bildin?” soruşdu. Ay nəvazişlə gülümsədi, “Eləcə bilirəm,” dedi, “İndisə durma, dəniz səni gözləyir.” O yenidən gözlərini çevirib ağır-ağır tərpənən tutqun dənizə nəzər saldı, “Bəs birdən yıxılsam,” deyə fikrindən keçirdi. Balaca ürəyini qorxu aldı.  “Yıxılmayacaqsan,” yenidən onun fikrini oxuyan Ay pıçıldadı, “sən heç vaxt qorxma, Mən hər an sənin yanında olacağam.” Ay gülümsəyərək əlavə elədi və yumşaq şüaları ilə onun tünd qəhvəyi, balaca hörüklərinə sığal çəkdi. “Sən mənə inan.”  

Ayın sözləri onun körpə qəlbinə hərarət gətirdi. Gözləri yaşardı, balaca qollarıyla Aya sarıldı. Sonra son çəkingənliyini boğub dənizə atıldı. Meduzaları qova-qova bir buluddan o birisinə tullandı. Səma boyu üzdükcə, Ayın sevgisini, hərarətini, onu necə yıxılmaqdan, əzilməkdən qoruduğunu daima hiss etdi.  

Milyon illər beləcə keçdi. . . Bu illər ərzində onun necə böyüyüb ərsəyə çatdığına Ay şahidlik elədi. 

Bir gün yenə bir səs onu çağırdı. Amma bu Ayın səsi deyildi, tamamilə başqaydı. Çağırışa cavab verəndə öz səsinə təəccübləndi, səsi də özü kimi böyümüşdü. Həm də elə bil cingiltisini itirmişdi. Sonra bir gənc onun əlini tutdu. İzdiham boyu irəlilədikcə kiminsə “Mən sizi ər və arvad elan edirəm” dediyini eşitdi.  Bir daha tənha olmayacağını anladığında gözləri doldu və iki damla göz yaşı yanaqları boyu diyirləndi. Həmin gecə Ayın da gözlərinin yaşardığına tamamilə əmin idi. Amma Ay həmişəki kimi yenə də gülümsəyirdi… 

Günlər günləri, illər illəri əvəzlədi. Milyon milyon uşaqları oldu. Bu illər ərzində başı körpələrinin qayğısını çəkməyə, yedirməyə, gəzdirməyə, danışmağa, dinləməyə, qucaqlayıb öpməyə, layla çalmağa qarışdı.  Hər gecə yatmazdan qabaq balalarına Ayla görüşlərindən, gecələr səma boyu üzməsindən, ulduzlarla qaçdı-tutdu oynamasından şirin şirin nağıllar söylədi. Onun bu nağıllarını dinləyə dinləyə balacalar ay işıqlı, ulduz pıçıltılı bir dünya ilə boyüdülər. 

Günləri həmişə eyni olmazdı. Hərdən həddindən çox yorular, hətta tənhalıq, qorxu hissi keçirərdi. Bəzən də körpələrdən hansınınsa xəstələnməsi, yaxud yıxılıb əzilməsi onu çox məyus edərdi. Belə vaxtlarda, özünü kimsəsiz, köməksiz hiss edəndə, həmişə gözlərini yumar və Ayın yumşaq və təsəlliverici səsini eşidərdi, Mən həmişə burda, yanındayam. Mənə inan. Bu səs onun ürəyinə rahatlıq, gözlərinə işıq gətirərdi. 

Bəzənsə ona elə gələrdi ki, o özü Ay, uşaqlarsa ulduzlardır. Birlikdə oynar, tullanıb düşər, dırmaşar və üzərdilər.  Hey gülər gülərdilər… ulduzlar kimi. 

İllər keçdikcə körpələr böyüdülər və bir-bir müxtəlif səmtlərə üz tutdular. O isə qocaldı. Yavaş yavaş gözləri işıqdan, dizləri taqətdən qaldı. Daha əvvəlki kimi nə sürətlə yeriyə bilir, nə də evvəllər gördüyü işləri etməyi bacarırdı. Günlərinin çoxunu dincəlmək, yatmaqla keçirərdi. 

Bir yay gecəsi az qala unutduğu doğma səsə oyandı. Ehmalca yerindən qalxıb ayaqlarını sürüyə-sürüyə çölə çıxdı. Əsrarəngiz bütöv Ay öz qızılı süalarını yarpaqlardan süzüb aləmi xəfif işığa bürümüşdü. Milyonlarla ulduzlar Ayın ətrafında həmişəkindən daha artıq parlayırdılar. Ayın böyük, yumşaq, və südqoxulu təbəssümü onun simasını işıqlandırdı, qəlbini həyəcanla doldurdu. Ay yenidən onu çağırırdı, amma o nəinkə uça, hətta addım belə ata bilmirdi. Bunu görən Ay qollarını aşağı uzadıb ona sarıdı. Ayaqları yerdən üzüldü və Ayın köməyi ilə yenidən uçmağa başladı.  

Ay işığında uçduqca uçdu və anladı ki daha bu uçuş əbədidir. Gözləri sevincdən yaşardı. Ay da sevinirdi. Bir birinə sarıldılar. 

Hər şeyə rəğmən o elə həmişəki Ay uşağı idi. . .  

 

Sadagat Aliyeva was born and raised in Turkan, a suburb of Baku, the capital of Azerbaijan, during the Soviet Era of Stagnation. Her burning desire for freedom brought her to the United States, where she settled in Des Moines, Iowa.